Mayın 31-də ölkədə yağan intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb.
Hafta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, Kiçik Qafqazda Şəmkir rayonu ərazisindən keçən hissəsində Şəmkirçay, eyni zamanda Dəstəfurçayda, Qəbələ rayonu ərazisində axan Dəmiraparançayda qısa müddətli sel keçib: “1 iyun saat 13:00-a olan məlumata əsasən, artıq çaylar səviyyəsində nisbətən azalma müşüahidə olunub. Digər çaylarda isə artım hazırda davam edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində, Qanıx çayı, o cümlədən Dəstəfurçayın səviyyəsində nisbətən artım davam edir”.
Asif Verdiyev qeyd edib ki, mayın 31-də Türyançay və Göyçayın hövzəsinə yağan intensiv yağışlar nəticəsində bu gün Qarasu çayında suyun səviyyəsi 42 sm artıb: “Hazırda artım davam etməkdədir. Çaylarda suyun səviyyəsində nisbətən azalma müşahidə edilsə də, sel təhlükəsi hazırda qalmaqda davam edir”.